“Müharibə qurtarandan sonra mən onunla Kliniki Tibbi Mərkəzdə yenidən rastlaşdım. Amma o hələ də komada idi...”
Kliniki Tibbi Mərkəzin “Zəfər həkimlərimiz” rubrikasının növbəti qonağı Kliniki Tibbi Mərkəzin həkimi, ümumi cərrah Ayaz Yaqubovdur. A.Yaqubov Vətən müharibəsi dövründə oktyabr ayının 1-dən 21-nə qədər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında könüllü olaraq fəaliyyət göstərib: “İndiki gənclər inanılmaz dərəcədə vətənpərvər ruhla böyüyür. Bunun şahidi oldum. Yaralılar biraz yaxşılaşan kimi cəbhəyə qayıtmağa can atırdılar. Sonuncu əməliyyat etdiyim xəstənin adı Tacəddin idi. Həm başından, həm də qarnında qəlpə yarası almışdı. Çox ağır yaralı idi. Komaya düşmüşdü... Müharibə qurtarandan sonra mən onunla Kliniki Tibbi Mərkəzdə yenidən rastlaşdım. Amma o hələ də komada idi... 128 gündən çox komada qaldı. Bütün cəhdlərimizə baxmayaraq, şəhid oldu. Onu itirməyimiz məndə dərin bir yara buraxdı... Onların borcundan çıxa bilmərik. Allah onlara rəhmət eləsin, qazilərimizə isə şəfa diləyirəm”.