Kliniki Tibbi Mərkəz haqqında ümumi məlumat

Ölkəmizin ən böyük dövlət tibb müəssisələrindən biri olan Kliniki Tibbi Mərkəz 10 korpus və köməkçi tikililərdən ibarətdir. Təxminən 12 ha əraziyə malik Mərkəz Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanında yerləşir və burada ümumilikdə 40-a yaxın tibbi şöbə fəaliyyət göstərir.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) publik hüquqi şəxsin İdarə Heyətinin 27.04.2021-ci il tarixli 11 nömrəli qərarına əsasən, Bakı şəhərinin bir neçə - Ş.Ələsgərova adına 5 saylı Kliniki Doğum Evi, Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası və 3 saylı Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs yenidən təşkil olunmuşdur.

13.12.2022-ci il tarixindən isə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun tərkibinə daxil olan Uşaq Nevroloji Xəstəxanası və Uşaq Bərpa Mərkəzi “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Publik hüquqi şəxslər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarını, bu Nizamnaməni və digər normativ aktları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in İdarə Heyətinin qərarlarını, Agentliyin, o cümlədən TƏBİB-in İdarə Heyəti sədrinin sərəncam və əmrlərini rəhbər tutur.

Mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərir.

Müəssisə əsasən aşağıdakı vəzifələri yerinə yetirir:

-“Əhalinin sağlamlığının qorunması haqqında”, o cümlədən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq tibbi xidmət göstərmək,
- Əhaliyə ixtisaslaşdırılmış tibbi yardım göstərmək,
- Vətəndaşlara qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsini təmin etmək,
- Qanunvericiliklə müəyyən edilmiş qaydada ilkin tibbi-sanitariya yardımı göstərmək,
- Elmi təbabətin və texnikanın nailiyyətləri əsasında müasir profilakitika, diaqnostika və müalicə üsullarını təcrübədə tətbiq etmək,
- Fəaliyyət sahəsi üzrə xəstələnmənin profilaktikası, tibbi yardımın keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək,
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və s.

Kliniki Tibbi Mərkəzdə 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.

Tibb ocağı XX əsrin əvvəllərində Bakı milyonçusu Musa Nağıyev tərəfindən tikdirilib. M. Nağıyev 1900-cü illərdə Moskva, Peterburq, Hamburq, Berlin və s. böyük şəhərlərdə xəstəxana tikinti layihəsini həyata keçirməklə məşhurlaşan memar Bayevi Bakıya dəvət edir. Dəvəti qəbul edən memar Bakıya gələrək qısa müddətdə xəstəxananın layihəsini hazırlayır və bu layihə milyonçu tərəfindən bəyənilir. Memarın təklif etdiyi layihə böyük sahəni əhatə edir və tikinti işləri təxminən 10 ilə başa gəlir.

1914-cü ildə tikintisi başa çatdırılan xəstəxanada: 250 çarpayılıq cərrahi xəstələr, 400 çarpayılıq daxili xəstəliklər, 250 çarpayılıq infeksion xəstəliklər, 50 çarpayılıq dəri-zöhrəvi xəstəliklər və 50 çarpayılıq əsəb xəstəlikləri üçün nəzərdə tutulur. Xəstəxanaların tikinti materiallarında antibakterial materiallardan - gümüş tozundan, xüsusi kafeldən istifadə olunur. Tavanın 5 metrə yaxın hündürlüyü, pəncərələrin çox geniş, hündür olması və s. bu kimi şərtlər milyonçunun istəyi əsasında qurulur.

Təəssüf ki, tikilən bu tibb ocağı çox qısa bir müddət Ağa Musa Nağıyevin adını daşıyır. 1919-cu ildən 1990-cı illərə kimi xəstəxana “Semaşko” adı ilə məşhurlaşır. “Semaşko” kimi adlandırılması isə SSRİ-nin səhiyyə qurucularından biri sayılan Nikolay Semaşkonun adı ilə bağlı olur. Sonrakı illərdə “1 saylı Şəhər Xəstəxanası”, “1 saylı Klinik Tibbi Mərkəz” və “Kliniki Tibbi Mərkəz” adı altında tibb ocağının fəaliyyəti davam etdirilir. Hazırda tibb ocağı icbari tibbi sığortanın tətbiqi ilə yenidən formalaşdırılır. Tibbi və qeyri-tibbi sahələr üzrə yeniliklər – tibbi xidmətin yaxşılaşdırılması, ən müasir tibbi avadanlıqların alınması, yeni həkimlərin, xaricdə təhsil alan uzmanların cəlbi yolu ilə Mərkəz dünya səhiyyə standartlarına cavab verəcək şəkildə tam yenidən qurulur.

Bu saytın müvafiq bölmələrində görülən işlər, xidmətlər və tibb personalı barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.