“Zəfər həkimlərimiz” rubrikasının növbəti qonağı Kliniki Tibbi Mərkəzin həkimi, travmatoloq Rövşən Behbudovdur
R.Behbudov Vətən müharibəsi başladıqdan sonra sentyabrın 30-dan oktyabrın 16-na qədər Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya ezam olunaraq, yaralı əsgər və zabitlərin sağlamlıqlarına qovuşmaları üçün yardım edib: “Müharibə vaxtında yaralı əsgər və zabitlərimizə qulluq etmək üçün xəstəxana qospitala çevrilmişdi. Düşmən tərəfi mümkün qədər həmin xəstəxananı da vurmağa çalışırdı. Dəfələrlə Gəncəyə, yəni ətrafımızdakı mümkün olan hər yerə raketlər atırdılar. Bildiyiniz kimi, nə qədər günahsız insanımız məhz bu raketlərin, bu qəddarlığın qurbanı oldu. Sözsüz ki, bu təhlükə həm də xəstəxanada olan yaralı, orada çalışan hər bir tibb işçisi üçün qaçılmaz idi. Amma biz qorxmadan, çəkinmədən gecə-gündüz çalışırdıq ki, yaralılarımıza köməklik edək, hər anımız bir insanın xilası demək idi...” Mərkəzin həkimi qeyd edib ki, müharibə bitdikdən sonra da qazilərin sağalması üçün əlindən gələni etməyə çalışıb: “Bu günə də qədər yaralı qazi və əsgərlərin sağlamlığa qovuşmaları üçün əlimdən gələni əsirgəmirəm və həmişə onlar qarşısında olan məsuliyyət və vəzifəmin öhdəsindən gəlməyə çalışıram”.