Rubrikamızın növbəti qonağı Kliniki Tibbi Mərkəzin həkimi, ümumi cərrah Səbuhi Sadıxovdur
.Sadıxov sentyabr ayının 29-dan noyabr ayının 11-nə qədər Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında könüllü olaraq fəaliyyət göstərib:
“Bir dəfə qolundan və çiynindən güllə yarası alan əsgər qəbul etmişdim. Dostlarından öyrəndim ki, yaralı əsgər yoldaşlarının həyatını xilas etmək üçün özünü güllə önünə atıb.
Deməli, döyüş bölgəsindən yaralıları çıxarmaq istəyərkən ermənilər tərəfindən bunların maşını atəşə tutulur. Bu oğlan yaralıları orda çıxarmaq üçün ermənilərin diqqətini öz üzərinə çəkməyə başlayır, müxtəlif əl və bədən hərəkətləri ilə fikir yayındırır. İlk olaraq qolundan yaralayırlar, amma o yenə də “oyun”u davam etdirir. Daha sonra ağır yaralanır və huşunu itirir. Özünə gələndən yoldaşlarına ilk sualı belə olur: “Uşaqları çıxara bildinizmi?”
Onun kimi qəhrəman oğullarımız çox idi. Ağır yaralansalar da, geri qayıtmaq, vuruşmaq istəyirdilər. Biz, eləcə də yerli camaat isə onların qarşılarını güclə kəsirdik. Bəzən isə bunu bacarmırdıq.”