“Zəfər həkimlərimiz” rubrikasının növbəti qonağı ümumi cərrah Vazeh Sadıxovdur
V.Sadıxov Vətən müharibəsi dövründə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında könüllü olaraq fəaliyyət göstərib: “19 yaşlı əsgərimiz yaralanmışdı. Nə qədər çalışsaq da, ona xəstəxana paltarı geyindirib palataya yerləşdirə bilmədik. Elə deyirdi ki, məni buraxın, dostlarım ordadır. Onda çox duyğulanmışdım, həm də gənclərimizlə qürur duyurdum. Əməliyyat etdiyim əsgərlərin arasında elələri var idi ki, onların sonrakı mərhələdə müalicəsini və ya əməliyyatlarını da Kliniki Tibbi Mərkəzdə etdik. İndi onlar bizim qazilərimizdir. Dəfələrlə morqun arxasına keçib gizlicə ağlayırdım. Gizlənməyimin səbəbi isə həkimin ağlamasının kənardan zəif, iradəsiz təəssüratı yaratmağından çəkinməyim idi. Boş vaxt tapan kimi morqun yanına gedirdim. Birdən morqa gətirilənlərdən biri yaralı olar, ölü kimi dəyərləndirilər deyə gözləyirdim. Bir nəfərin belə həyatını qurtarmaq üçün, tez kömək etməyə şansım olması üçün için-için ağlaya-ağlaya orada dayanırdım. Həmin günləri unutmağım, unutmağımız mümkün deyil. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin!”.