“Zəfər həkimlərimiz” rubrikasının növbəti qonağı ümumi cərrah Vüsal Qəzənfəroğludur.
Bütün hallarda müharibə dağıdıcıdır, məhvedicidir, kim qalib olur-olsun, nəticəsi ağırdır. Harada müharibə varsa orda dəhşət var, insan faciəsi var. Amma müharibə həm də xalqı birləşdirən ən böyük dərddir. 44 günlük Vətən müharibəsində biz bir olmağı bacarmış xalqıq. İstər əsgəri, istər vətəndaşı, istər həkimi, istərsə də prezidenti, hər kəs yumruq kimi birləşmişdi... “Zəfər Həkimlərimiz”dən biri olan Vüsal Qəzənfəroğlu deyir ki, müharibə vaxtı hara gedirdim insanlar pul almırdılar, gecə-gündüz xəstəxanaya yardımlar daşıyırdılar. Məhz budur xalq birliyi! Yalnız belə olan halda qalib gəlmək mümkündür! Lənət olsun müharibəyə! Kliniki Tibbi Mərkəzin həkimi, ümumi cərrah Vüsal Qəzənfəroğlu Vətən müharibəsi başlayandan bir neçə gün sonra könüllü olaraq oktyabr ayının 19-na qədər Beyləqan Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətinə davam edib: “Bizim 18 yaşlı Qəbələdən bir əsgərimiz var idi. Dəfələrlə deyirdi, yalvarırdı ki, məni geri qaytarın. Nə qədər qarşısını almaq istəsək də, bizə qulaq asmadı. Bir qədər yaxşılaşandan sonra yenə də geriyə, dostlarının yanına qayıtdı. Belə uşaqlar çox idi. Heç birinin gözündə ölüm qorxusu görmədim. Ətrafdakı insanlar, sadə vətəndaşlar da onlardan geri qalmırdı. Bildiyiniz kimi, müharibədə Beyləqanı da ermənilər bombaladılar. Amma insanlar heç yerə qaçmadı. Əskinə, həmin günlərdə Beyləqan əhalisi nəsə bir köməklik etməyə çalışırdı, bizə, əsgərlərə, orduya....Əziyyətləri də çox oldu. Bizi həkim formasında kim görürdüsə, heç nəyə pul almırdılar. Hamı xəstəxanaya yardımlar gətirirdi. Xalqımız üçün müharibə nə qədər acı olsa da, hamı qələbənin olacağına inanır və sevinirdi”.