İnsanlar il ərzində neçə dəfə və hansı müayinələrdən keçməlidir?
İnsan üçün ən böyük sərvət onun sağlamlığıdır. Hər bir insan öz sağlamlığını qoruyub möhkəmləndirməlidir. Hətta heç bir şikayəti olmayan adam vaxt aşırı olaraq həkim müayinəsindən keçməli və gələcəkdə yarana biləcək hər hansı xəstəliyin qarşısını almalıdır. Müayinə nəticəsində hər hansı bir xəstəliyin erkən mərhələdə aşkarlanması vaxt itkisi yaratmır və xəstəliyin ağırlaşmasının qarşısını alır. Bunlara əsasən ürək-damar, onkoloji, tənəffüs sistemi, şəkərli diabet xəstəlikləri və s. aiddir. İnsanlar müəyyən yaş kateqoriyalarına bölündükdən sonra kateqoriyadan asılı olaraq müayinələrdən mütləq keçməlidirlər. Birinci yaş kateqoriyası 18-40 yaş həddi pasiyentlərdir. Hansı ki, onlar 3 ildə bir dəfə terapevtin baxışı və ehtiyac yaranarsa, digər mütəxəssislərin baxışından keçməlidir. 2 ildə bir dəfə flüoqrafiya, eloktrokardioqrafiya, qan və sidiyin ümumi analizi, ürək damar xəstəliklərinin qarşısını almaq üçün lipid spektrləri və qanda şəkərin miqdarı ilə bağlı analizlər verilməlidir. İkinci yaş kateqoriyası 40-65 yaş arası pasiyentlərdir. Bu yaş arası pasiyentlər hər il terapevtin müayinəsində olmalı, xəstəlik və şikayətlərindən asılı olaraq, nevropotoloq, kardioloq, oftolmoloq və s. kimi həkimlərin müayinəsindən keçməlidirlər. Hər il elektrokardioqrama, exokardioqrama, qarın boşluğunun ultrasəs müayinəsi olunmalıdır. Müntəzəm olaraq qadınlar ginekoloq müayinəsindən keçməli və süd vəzilərinin rentgen müayinəsini etdirməlidirlər. Yaş artıqda hər bir xroniki xəstəliklər proqressivləşir və onların fəsadları əmələ gəlir. Bu yaşayış müddətinə və yaşayış keyfiyyətinə də təsir edir. 65 yaşdan yuxarı pasiyentlərin ildə 2 dəfə terapevt müayinəsində olması məsləhət görülür. Müəyyən insanlar var ki, onlar xüsusi risk qrupuna aid edilir. Risk qrupuna aid edilmiş şəxslərdə xəstəliklər adətən irsi yolla keçir. Məsələn, onkoloji xəstəliklər, sistem xəstəlikləri, ürək-damar xəstəlikləri irsi yolla keçə bilir. Bu qrupa aid xəstələr özlərinə müvafiq olaraq mütəxəssislərdən müayinələr almalıdırlar.