Mədəaltı vəzi kiçik olmasına baxmayaraq insan orqanizmi üçün çox vacibdir. O bədənə xüsusi fermetlər
ifraz edən orqandır. Bu fermetlər həzm sistemində xüsusi yağları, karbohidratları parçalamağa kömək
edir. Mədəaltı vəzin axarı öd axarı ilə birlikdə gəlir, nazik bağırsağın fater məməciyindən onikibarmaq
bağırsağa açılır. Bədəndə olan maddələrin parçalanmasında kömək edir. Qidalanmaya düzgün əməl
edilməzsə, yağlı qidalardan, alkoqollu içkilərdən çox istifadə edilən zaman vəzin fəaliyyəti zəifləyir, daha
az fermetlər ifraz edir. Bu da öz növbəsində, ağırlığından asılı olaraq simptomların əmələ gəlməsinə
səbəb olur. İlkin olaraq həmin nahiyədə ağrılar başlayır. Ürəkbulanma, qusma, ishal kimi hallar müşahidə
edilir. İştah və fiziki aktivlik azalır. Orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.
Bundan başqa mədəaltı vəzin insulin ifraz etmə funksiyası da vardır. İnsulin qanda şəkərin səviyyəsini
tənzimləyir. Əgər qanda normadan artıq qlükoza yığılarsa, mədəaltı vəzi insulin ifraz edir. Əgər mədəaltı
vəzi normadan az insulin ifraz edərsə, şəkərli diabet xəstəliyinin ilkin simptomları yarana bilər.
İnsulindən əlavə mədəaltı vəzi bir neçə vacib maddələr ifraz edir. Qlükaqon, polipeptid, qrelin və s. misal
göstərmək olar. Qlükaqon vəzi insulindən fərqli olaraq qanda qlükozanın səviyyəsini artırır. Qrelin vəzi
insanın iştahına cavabdehlik daşıyır. Halsızlıq, ürəkbulanma, iştahsızlıq kimi halların yaşanması mədəaltı
vəzidə yaranan problemlərdən irəli gələ bilər. Bu zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
Mədəaltı vəzi qorumaq üçün qidalanmaya ciddi diqqət etmək lazımdır. Qidalanmalar arasında böyük
fasilələrin verilməsi mədəaltı vəzin funksiyasının pozulmasına gətirib çıxara bilər. Bir çox hazır qidaların
tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzinə ciddi
ziyan verə bilər. Mədəaltı vəzidə hiss edilən hər hansı narahatlığa görə mütləq həkimə müraciət etmək
lazımdır.