Kliniki Tibbi Mərkəzdə farmakonəzarət sistemi qurulur
Dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə Kliniki Tibbi Mərkəzdə “Farmakonəzarətin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.Tədbirin əsas məqsədi əhalinin sağlamlığı üçün təhlükə kəsb edəcək dərman preparatlarındakı uyğunsuzluqların müəyyən edilməsi, qiymətləndirilməsi, qeydiyyatı və bu barədə aidiyyəti tərəflərin məlumatlandırılması istiqamətində lazımi tədbirlər görməkdir.Tədbirdə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Farmakonəzarət üzrə məsul şəxs Mədinə Nuri və Mərkəzin tibb heyəti iştirak edib. Farmakonəzarətin KTM üçün əsas strateji hədəflərindən biri olduğunu deyən K.Ələkbərov bildirib ki, hər hansı preparatın farmakoloji effekti istifadə zamanı xəstədə əks təsirlər yaradarsa dərhal bu barədə məlumatlar həkimlər tərəfindən toplanmalı və lazımi prosedurların başlanması üçün aidiyyəti bölməyə yönləndirilməldir: “Bu cür məlumatların toplanması nəticəsində əks təsirlər yaradan, o cümlədən yararsız olduğu öyrənilən dərmanlar zaman-zaman aşkarlanaraq üzə çıxarılacaq və istifadədən kənarlaşdırılacaq. TƏBİB-in təşəbbüsü ilə dövlət tibb müəssisələrində farmakonəzarət sisteminin təşkil edilməsinin də əsas məqsədi məhz dərman preparatlarının farmakoloji effektivliyini daim nəzarətdə saxlamaq və dərman vasitələrinin təhlükəsiz istifadəsini təmin etməkdir. Bu tibbdə keyfiyyət standartlarının tətbiq edilməsi üstünlüklərindən biridir”.Daha sonra KTM-in Farmakonəzarət üzrə məsul şəxsi Mədinə Nuri bu sahədə münasibətləri tənzimləyən qanunvericilik, ümumi tələbələr, müəssisədaxili tələblər, bu istiqamətdə tibb işçilərinin vəzifə öhdəlikləri, dərman vasitələrinin səmərəli və rasional istifadəsi haqqında tibb işçilərini ətraflı məlumatlandırıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


29.06.2022