KTM-də Uşaq nefrologiyası şöbəsi fəaliyyətə başlayıb
Bu Azərbaycanda yeganə Uşaq nefrologiyası şöbəsidir ki, bu günədək 3 saylı Uşaq Xəstəxanasında fəaliyyət göstərib. 1975-1976-cı illərdə yaradılmış şöbə bundan sonra KTM-in tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasında xidmət göstərəcək. Məlumat üçün bildirək ki, 2 saylı Klinik Uşaq Xəstəxanasının gələcəkdə çoxprofilli uşaq tibb mərkəzinə çevirilməsi planlaşdırılır və bu məqsədlə artıq tibb ocağında bir sıra yeniliklər həyata keçirilir. Onlardan biri də Uşaq nefrologiyası şöbəsinin burada yenidən qurulması və inkişaf etdirilməsidir. Ölkəmizin bütün bölgələrindən 1 yaşından 17 yaşınadək uşaqlara xidmət göstərəcək bu şöbədə əsasən böyrək patologiyasından əziyyət çəkənlər müalicə olunacaq. Burada laborator və ultrasəs müayinələr, böyrək testləri, sidik analizləri və digər müayinələr həyata keçiriləcək. Kəskin və xroniki qlomerulnefritlər, irsi nefritlər, kəskin və xroniki pielonefritlər, sidik yollarının infeksiyası, kəskin və xroniki böyrək çatışmazlığı, ikincili nefropatiyalar şöbə həkimlərinin daha çox rastlaşdığı xəstəliklərdir. Qeyd edək ki, hazırda ölkəmizin yeganə Uşaq nefrologiyası şöbəsində 6 həkim, 15 tibb bacısı, 6 kiçik tibb işçisi çalışır.


06.07.2022