KTM-də Mərkəzin brendinqinə uyğun yeni məlumat lövhələri quraşdırılıb
Kliniki Tibbi Mərkəzin (KTM) kifayət qədər böyük əraziyə malik olmasını və xidməti korpusların sayının çoxluğunu nəzərə alaraq yeni istiqamətverici məlumat lövhələri, o cümlədən, Mərkəzin brendinqinə uyğun olaraq korpusların adlarını əks etdirən yazılar quraşdırılıb. Vətəndaşların rahatlığının təmin edilməsi məqsədi ilə yaradılan bu şərait imkan verəcək ki, hər kəs müraciət edəcəyi tibbi şöbə və ya bölmələri rahatlıqla tapa bilsin və onlar üçün əlavə vaxt itkisinin qarşısı alınsın. Artıq KTM-in bütün korpuslarında, tibbi və qeyri-tibbi bölmələrində bu cür məlumat lövhələrinə rast gəlmək mümkündür. Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına Mərkəzdə sürətli və əlaqəli şəkildə tam yenilənmə davam edir. Korpusların təmir edilməsi, yeni avadanlıqların alınması, yeni həkimlərin, uzmanların cəlb olunması ilə kifayətlənmirik, həm də Mərkəzdə vətəndaş məmnunluğunun təmin olunması üçün bütün aspektlər üzrə lazımi tədbirlər görülür. Qeyd edək ki, məlumat lövhələri və yazılar tək Kliniki Tibbi Mərkəzdə deyil, həm də Mərkəzin tabeliyindəki digər xəstəxanalarda da quraşdırılıb. Xeyirli, uğurlu olsun!


27.07.2022