Hepatit virusu ilə əlaqədar müraciət edənlərin sayı açıqlanıb
Azərbaycanda 2022-ci ilin aprel-iyul ayları ərzində hepatit virusları ilə əlaqədar müraciət edənlərin sayı 263 nəfər olub. Bu barədə “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın sədri Fərrux Sədirov məlumat verib. 28 iyul Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar ölkədəki vəziyyət barədə açıqlama verən komissiya sədri bildirib ki, müraciət edənlərdən 144 nəfəri - hepatit B və C xəstəsi artıq müalicəyə cəlb olunub və ödənişsiz dərman preparatları ilə təmin edilib: “Müalicəsiz müşahidə qərarı verilən xəstələrin sayı 46 nəfərdir. 12 nəfər isə bu xəstəlikdən sağalıb. Hazırda ölkəmizdə müayinəsi tamamlanmayan xəstə sayı 61-dir və həmin xəstələrdən analizlər götürülüb, nəticələr bəlli olmadığına görə hələlik rəy verilməyib”. Məlumat üçün bildirək ki, hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə mühüm tədbirlər görülür. Bu sahədə müsbət nəticələrin əldə olunması və vəziyyətə nəzarəti gücləndirmək məqsədi ilə 18 sentyabr 2020-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev tərəfindən “B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya”nın Əsasnaməsi təsdiq edilib. 14 fevral 2022-ci ildə isə Agentliyinin İdarə heyətinin sədrinin müvafiq qərarına əsasən, sədr ilə yanaşı komissiyanın tərkibində dəyişiklik həyata keçirilib. Yeni dəyişikliklərə görə, komissiyanın yeni tərkibi təsdiq edilib və Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsinin müdiri, həkim-infeksionist Fərrux Sədirov komissiyanın sədri, daha altı mütəxəssis isə komissiyanın üzvləri seçilib.


28.07.2022