Həkimlərimiz onun şikəst qalmasına imkan vermədi
Keçirdiyi xəstəliyin vaxtında diaqnozu qoyulmadığı təqdirdə ömürlük şikəst qalacağı deyilən 6 yaşlı uşaq Kliniki Tibbi Mərkəzdə öz sağlamlığına qovuşub. Ötən ayın sonlarında koma vəziyyətində Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq xəstəxanasına gətirilən Davud Baxşıyev beyin kötüyündə olan dəyişikliklər səbəbindən ciddi təhlükə ilə üz-üzə olub. Həkim Əzim Nağdəliyevin sözlərinə görə, azyaşlı çox ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olub. “Avqustun 31 tarixində xəstəxanamıza gətirilən azyaşlı birbaşa Reanimasiya şöbəsina alındı və vəziyyəti ağır olduğu üçün dərhal SPAP aparatına qoşuldu. Təxminən 36 saat bu aparatda saxlanıldıqdan sonra uşağın spontan tənəffüsü bərpa olundu. Beyin əlamətlərinin artması fonunda qidalanma zondla aparılırdı, əl və ayaq hərəkəti demək olar ki, dayanmışdı. Aparılan intensiv terapiya və reanimasiyon tədbirlər nəticəsində azyaşlını həyata qaytara bildik. Hazırda xəstənin heç bir həyati təhlükəsi yoxdur”. Məlumat üçün bildirək ki, azyaşlının beyində olan dəyişikliklərlə əlaqədar ilkin funksional müayinələr öz effektini verməyib. Burada isə həkimlərin ardıcıl müayinələri nəticəsində azyaşlı xəstəyə naməlum “etiol meninqit” diaqnozu qoyulub və respirator müayinələr aparılıb. Uşağın anası Səbinə Əsgərova sözlərinə görə, həkimlərin vaxtında tibbi müdaxiləsi nəticəsində övladı sağlamlığına qovuşub. “Oğlum Davud avqustun 28-i yuxudan oyandıqdan sonra iştahsız olduğunu gördüm. Sonra yediyi bütün yeməkləri qaytardı. Avqustun 29-da Uşağı Astara Rayon Mərkəzi Xəstəxanasına apardıq. İlkin tibbi yardım göstərildikdən sonra evə qayıtdıq. 30 avqust tarixində uşağın vəziyyəti daha da pisləşməyə başladı. Xəstəxanada həkimin təyin etdiyi dərman vermək istəyəndə gördüm ki, uşaq heç nə uda, yeyə bilmir. Əli ayağı da tutulub, yeriyə bilmirdi. Vəziyyətin belə olduğunu görüb uşağı Bakıya, bu xəstəxanaya gətirdik. Xəstəxanaya daxil olan gün aparata qoşdular. Ondan sonra həkimlər hər gün müalicə edirdi. Həkimlərin sayəsində mənim övladım artıq sağamlığına qovuşub. Onların hər birinə təşəkkür edirəm”. Qeyd edək ki, məlumatın hazırlanması zamanı balaca Davud tək yox, onu həyata qaytarmaqda əziyyəti keçən hər bir həkimlə birlikdə xatirə şəkili çəkdirmək istəyib və sona bu görüntü alınıb. Onun bir neçə günə tam sağalaraq, evə göndəriləcəyi planlaşdırılır.


19.09.2022