KTM-də müayinə və müalicə olan qazilərin bir qrupu bu gün Mərkəzin rəhbərliyi ilə görüşüb
Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərdiyini qeyd edən KTM-in direktoru Könül Ələkbərov bildirib ki, TƏBİB-in tabeliyindəki digər dövlət xəstəxanalarında olduğu kimi, burada da Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili üzrə mütəxəssislər işə cəlb olunub və bu məsələyə kifayət qədər həssas yanaşılır. Digər vətəndaşlar kimi onların da burada icbari tibbi sığortadan rahatlıqla istifadə edə biləcəyini bildirən K.Ələkbərov qeyd edib ki, Mərkəz və tabeli xəstəxanaların bütün şöbə və bölmələrində bu qəbildən olan insanlara həm də növbədənkənar xidmət göstərilir: “Qazi və şəhid ailələri hər hansı bir tibbi xidməti almaq üçün növbə gözləmirlər. Sevindirici məqam həm də ondan ibarətdir ki, növbə gözləyən insanlar da bu məsələyə həssaslıqla və hörmətlə yanaşır”.Qazilər son dövrlərdə şəhid ailələri və qazilər üçün yaradılmış şəraitə görə dövlətimizə və bu işin təşkilində xidməti olan hər kəsə təşəkkürlərini bildiriblər.


07.10.2022