Qələbə Günü münasibəti ilə KTM-də fəaliyyət göstərən şəhid və qazi ailələri olan əməkdaşlarla görüş keçirilib
Görüşün əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid ailələri və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərildiyini bildirən KTM-in direktoru Könül Ələkbərov qeyd edib ki, hazırda Mərkəzdə 40-dan çox şəhid və qazi ailəsindən olan şəxslər çalışır: “Hər bir müəssisədə olduğu kimi bizim tibb müəssisəsində də şəhid və qazi ailələrinə, o cümlədən vətən müharibəsi iştirakçılarına daim yüksək xidmət və diqqət göstərilməlidir. Məlumat üçün deyim ki, son dövrlər bir neçə vətən müharibəsi iştirakçısını da işlə təmin etmişik və mümkün olduqca, biz onlara da dəstək oluruq. Ümumiyyətlə, bizə verilən səlahiyyətlər çərçivəsində hər zaman çalışacağıq ki, bu və ya digər şəkildə sizə dəstəyimizi əsirgəməyək”. Tədbirdə hər iki müharibənin iştirakçısı olan Vidadi Ağagülov da çıxış edərək, şəhid ailələri və qazilər üçün yaradılmış şəraitə görə təşəkkür edib: “Hal-hazırda da Kliniki Tibbi Mərkəzdə 10-larla qazinin müalicəsi davam edir. Əksər qazi yoldaşlarla daim əlaqədəyəm. Biz nə zaman bura müraciət etmişik, sağ olsunlar, daim qayğımızı çəkiblər. Burada iştirak edən şəhid ailələrimizə də başsağlığı verirəm. Vətən torpaqları uğrunda apardığımız savaş sayəsində ərazi bütövlüyümüz bərpa olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin isə tezliklə sağlamlığa qovuşmalarını arzu edirəm”. Görüşdə iştirak edən digər şəhid və qazi ailələri də çıxış ediblər. Sonda tədbirdə iştirak edən şəhid ailələri, qazi və qazi ailələrinə hədiyyələr verilib.


05.11.2022