Mövsümi depressiya və onun səbəbləri
Mövsümi depressiya depressiyanın alt tipidir. Mövsümi depressiya payız aylarının sonunda başlayır, yayın əvvəlində isə tamamlanır. İstisna hallarda isə yaz aylarında başlaya bilir. Kliniki Tibbi Mərkəzin həkim-psixiatrı Aytən Namazovanın sözlərinə görə, mövsümi depressiyaların əsas səbəbi günlərin qısalması, boz hava şəraitinin üstünlüyü və günəş şüasının azalmasıdır. “Ümumilikdə depressiyanın 2 növü vardır: Tipik və atipik depressiya. Mövsümi depressiyanın əsas əlaməti atipik depressiyanın əlamətləri ilə birlikdə özünü göstərir. Əsas əlamətələri aşırı qidalanma, aşırı dərəcədə yuxululuq, əhval ruhiyyənin olmaması, istəksizlik və enerji potensialının aşağı düşməsidir”. A.Namazova depressiyanın həm də risk faktorlarına bağlı olduğunu deyir. O, burada əsasən genetik və şəxsiyyət faktorunun, eləcə də psixi və sosial faktorların da rol oynadığını bildirir. A.Namazova bu faktorların beyində kimyasal dəyişikliklərə səbəb olduğunu istisna etmir: “Bu faktorlar hətta beyində kimyasal dəyişikliklərə də səbəb olur. Dəyişikliklər nəticəsində beyin neyronlarını bir-biri ilə əlaqələndirən mediatorların funksiyası da dəyişir. Funksiyaların dəyişməsi neyronlar arasında əlaqələrin kəsilməsinə səbəb olduğu üçün depressiya halları yaşanır”. Mövsümi depressiyanın müalicəsi psixofarmakoterapiya, psixoterapiya və fototerapiya üsullarla aparılır. Hava dəyişsə də, çalışın əhvalınız dəyişməsin!


16.11.2022