KTM-də ÜST-nın nümayəndələri ilə TƏBİB-in tabeliyindəki tibb müəsisələri rəhbərləri arasında növbəti görüş keçirilib.
USAİD Azərbaycanın maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsinin “Təcili Yardım Sisteminin Təkmilləşdirilməsi üzrə Hibrid simpozium”un planlaşdırılması üçün ÜST-nın nümayəndələri ilə TƏBİB-in tabeliyindəki tibb müəsisələri rəhbərləri arasında növbəti görüş keçirilib. Kliniki Tibbi Mərkəzdə keçirilən görüşdə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri Halil İbrahim Durak, Hasan Odabaşı, Başak Bayram, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin analitika və statistika şöbəsinin müdiri Rəşad Çobanlı, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Yeni Klinikanın direktoru Cavid Paşayev, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Hüseyn Emin, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova və digərləri iştirak edib. Görüş əsasında təşkil ediləcək “Təcili Yardım Sisteminin Təkmilləşdirilməsi üzrə Hibrid simpozium”un proqramı müzakirə edilib. Proqram haqqında məlumat verən Halil İbrahim Durak simpoziumun hansı tibb müəsisələrində keçiriləcəyi, məqsədi, gözləntiləri və öhtəlikləri barədə görüş iştirakçılarını məlumatlandırıb. Mütəxəssis təşkil edilən simpoziumun daha çox nəzəri yox, praktiki üsullarla, mütəxəssislər tərəfindən həyata keçiriləcəyini qeyd edib. Görüş iştirakçılar arasında proqramın ətraflı müzakirəsi ilə davam edib. Daha sonra tədbir iştirakçıları Kliniki Tibbi Mərkəzin yeni istifadəyə verilmiş Təcili yardım şöbəsinə baxış keçirib. İştirakçılar yeni yaradılan şöbənin tibbi təchizatı, texniki avadanlıqları, strukturu və s. ilə tanış olub. Qeyd edək ki, “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilir.


24.11.2022