KTM-də ilk dəfə Endoskopik Retrograd Xolanjeya Pankreatografiya (ERCP) əməliyyatı icra edilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəz (KTM) daha bir ilkə imza atıb. Dövlət xəstəxanaları arasında ilk dəfə olaraq KTM-də icbari tibbi sığortanın yaratdığı imkanlar hesabına Endoskopik Retrograd Xolanjeya Pankreatografiya (ERCP) əməliyyatı icra edilib. 51 yaşlı vətəndaş üzərində aparılan endoskopik əməliyyat uğurla başa çatıb. Kliniki Tibbi Mərkəzin həkim-qastroenteroloqu Müslüm Nursoyun sözlərinə görə, əməliyyat zamanı xəstədə hər hansı ağırlaşma qeydə alınmayıb: “Xəstə bizə dəri rəngində saralmalar, epiqastral ağrılar, qusma, yüksək temperaturun olması əlamətləri ilə müraciət etmişdi. Müayinələr zamanı xəstəyə ümumi öd axarında daş diaqnozu qoyulub. İcbari tibbi sığorta vasitəsilə biz ilk dəfə xəstədə ERCP əməliyyatı həyata keçirdik və kifayət qədər uğurlu oldu”. Həkim-qastroenteroloq Müslüm Nursoy bu cür cərrahi əməliyyatların icrası üçün Kliniki Tibbi Mərkəzə yeni və müasir tibbi avadanlıqların alındığını bildirib: “ERCP əməliyyatı duodenoskop adlı cihaz vasitəsilə həyata keçirilir. Cihazın sayəsində bədəndə hər hansı kəsik açmadan öd daşlarının çıxarılması, qırılması ilə yanaşı öd yollarının genişləndirilməsi, törəmələr üçün stentlərin qoyulması prosesi də icra olunur”. TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanalarda maddi-texniki bazanın gücləndirilməsi, yeni tibbi avadanlıqların alınması imkan verir ki, indiyə qədər özəl xəstəxanlarda həyata keçirilən bu cür əməliyyatlar artıq dövlət xəstəxanalarında da icra olunsun. Vətəndaşlarımız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində bu və ya digər xidmətləridən yararlana bilərlər.


22.12.2022