Yeni ilə 4 gün sonra girən adam…
Bu adam ötən ilin dekabr 25-dən bu ilin yanvarın 4-nə qədər belə demək mümkünsə, “həyatda olmayıb”… 15 gündən çox reanimasiyada qalan, 10 gün koma vəziyyətində olan bu şəxs həm də son dərəcə riskli bir neyro-cerrəhi əməliyyatı geridə qoyub. Onun özünün də dünən öyrəndiyi “başına gələnləri” bu gün həm də biz sizə, cəmiyyətə çatdırırıq. “ONUN İKİNCİ HƏYATI” 1984-cü il təvəllüdlü Polad Əliyev 25 dekabr 2022-ci ildə piyadanın vurulması nəticəsində ağır yaralanıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Gətirilərkən çoxsaylı və ölümcül yaralar aldığı müəyyən olunub. Qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sol təpə sümüyünün sınığı, eyni nahiyədə böyük həcmli hematoma diaqnozu və s… Rezident-neyrocərrah Elşən Əhmədlinin dediyinə görə, həkim-neyrocərrah Fərid Qaralovun rəhbərliyi ilə çox riskli bir neyro-cərrahi əməliyyata qərar verilir və 4 saat davam edən əməliyyat uğurla nəticələnir. “Pasiyent Əliyev Polad Niyazi oğlu xəstəxanaya daxil olarkən koma vəziyyətində olub. Xəstə ilkin olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstədə sol tərəfli dekompressiv trepanasiya, kəskin subdural hematomanın boşaldılması, serebral qişanın bərpası əməliyyatı icra olundu. Beyin ödəmli olduğu üçün sümüyü yerinə qoymaq mümkün olmadı. Yara bağlandıqdan sonra xəstəyə yaxın aylarda kəllə sümük defektinin bərpası əməliyyatı planlaşdırılıb. Hazırda xəstənin vəziyyəti stabildir. Huşu özündədi, tənəffüsü sərbəstdir. Xəstə əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində olarkən həkim-reanimatoloqların səyləri nəticəsində xəstədə kəskin yaxşılaşma hiss olunub. Artıq palatada müalicəsi davam etdirilir”. Pasiyentin anası Təhminə Əliyevanın sözlərinə görə, oğlunun yaşamasına ümid çox az olub: “Oğlum günorta saatlarında yolu keçən zaman onu maşın vurub. Təcili olaraq oğlumu Kliniki Tibbi Mərkəzə gətiriblər. Bura gələndə vəziyyəti çox ağır, həm də huşsuz vəziyyətdə olub. Deyilənlərə görə, çox təhlükəli bir əməliyyatdan sağ çıxıb, həkimlərin yaratdığı möcüzə nəticəsində oğlum sağ qalıb. Onun üzərində əməyi olan bütün tibb personalına öz təşəkkürümü bildirirəm. Onların sayəsində Polad yaşıyır”. Qeyd edək ki, Poladı daha bir əməliyyat gözləyir. Yaxın aylarda kəllə sümük defektinin bərpası əməliyyatı planlaşdırılır ki, bu da həyatı üçün təhlükəli hesab olunmur.


12.01.2023