KTM-də əl mikrocərrahiyyəsi əməliyyatları icra olunmağa başlayıb
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzdə icbari tibbi sığortanın yaratdığı imkanlar hesabına damar, vətər, sinir bərpası əməliyyatı icra olunub. 34 yaşlı vətəndaş üzərində aparılan ilk mikrocərrahi əməliyyat uğurla başa çatıb. Həkim-cərrah Kənan Quliyevin sözlərinə görə digital sinirlərin, vətərlərin bərpası mikrocərrahi əməliyyatı yüksək dəqiqliklə icra olunub: “Pasiyent 20.02.2023 tarixində iş qəzası nəticəsində sol əlin ovuc səthində kəsilmiş yara ilə KTM-ə müraciət edib. Aparılan müayinələr əsasında sol əlin 4-cü barmağın dərin və səthi bükücü vətərlərinin, 3-cü və 4-cü barmaqların digital sinir və arterlərin kəsilməsi diaqnozu ilə təcili əməliyyat təyin edilib. 2 saat 40 dəqiqə davam edən əməliyyat uğurla nəticələnib. Əməliyyatdan sonra əl nahiyəsi gipsə qoyulub və xəstə palataya yerləşdirilib”. Həkim-cərrah Q. Kənan mikrocərrahi əməliyyatların icrası üçün Klniki Tibbi Mərkəzdə lazimi avadanlıqların olduğunu da vurğulayıb: “Mikrocərrahi əməliyyatlar zamanı Zeiss şirkətinə məxsus Tivato 700 mikroskopundan istifadə edilir. Cihaz sayəsində əməliyyatlar ən az xəsarətlərlə icra olunur. Maddi-texniki təminatın gücləndirilməsi çox az sayda icra edilən bu tipli əməliyyatların daha dəqiqliklə və az risklə icrasına şərait yaradır”. Qeyd edək ki, Vətəndaşlarımız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində bu və ya digər xidmətlərdən yararlana bilərlər.


22.02.2023