Dövlət xəstəxanaları arasında daha bir ilk
Dövlət xəstəxanaları arasında daha bir ilk - 7 sm böyüklüyündə kista 1 sm ölçüsü olan kəsikdən çıxarıldı. TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzdə ilk dəfə olaraq 52 yaşlı qadında 7 sm böyüklüyündə olan timus kistası VATS (qapalı əməliyyat) üsulu ilə cərrahi əməliyyat edilib. Nəfəs darlığı, öskürək, sinə ağrısı şikayətləri ilə Mərkəzə müraciət edən qadında aparılan müayinələr zamanı döş sümüyünün arxasında, ürək və böyük damarların önündə yerləşən timus adlı orqanda inkişaf etmiş kista aşkarlanıb. Qapalı üsulla keçirilən əməliyyat 1 sm ölçüsü olan 3 ədəd portdan (kəsikdən) 30 dəqiqə ərzində icra olunub. Əməliyyat torakal cərrahiyyə mütəxəssisləri tərəfindən icra edilib. Xəstə 3 gün sonra evə buraxılıb. Məlumat üçün bildirək ki, son illərdə inkişaf etmiş ölkələrdə torakal cərrahiyyə əməliyyatlarının bir çoxu VATS (Wedge Rezeksiyası Ağciyər Biopsiyası) üsulu ilə həyata geçirilir. Kliniki Tibbi Mərkəzdə mediastinum (divar aralığı) və ağciyər əməliyyatlarına Torakal cərrahiyyə şöbəsinin açılması ilə start verilib. VATS üsulu ilə icra olunan qapalı əməliyyatlardan sonra xəstədə ağrı, hərəkət məhdudiyyəti çox az olur. Bu isə əməliyyatdan sonra xəstələrin daha tez reabilitasiya olunmasına və çox qısa bir müddətdə evə yazılmasına şərait yaradır. Qeyd edək ki, ötən həftə ərzində Kliniki Tibbi Mərkəzdə iki xəstədə timus kistası əməliyyatı icra edilib.


17.04.2023