KTM-də iki dəfə kliniki ölüm keçirən, iyirmi gün koma vəziyyətində olan şəxsin həyatı xilas edilib
1970-ci təvəllüdlü şəxs qida zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Aparılan müayinələr zamanı xəstəyə ağır qida zəhərlənməsi olan botulizm diaqnozu qoyulub. Həyat əlamətləri kifayət qədər aşağı olan xəstə 20 gün süni tənəffüs aparatında koma vəziyyətində qalıb və bu müddət ərzində 2 dəfə kliniki ölüm keçirib. Spontan tənəffüs bərpa olunduqdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində infeksionist, cərrah, kardioloq, nevroloqların ümumi müayinə və müalicəsi ilə xəstənin sağlamlığı bərpa olunub. Məlumat üçün bildirək ki, botulizm diaqnozu qoyulan xəstələrin həyatda qalma ehtimalı çox aşağıdır. Botulizm xəstəliyi daha çox konservləşdirilmiş qidalardan yaranır. Görmənin pozulması, göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin, nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəifləməsi, yerişin pozulması botulizmin əsas əlamətləri sayılır. Qeyd olunan simptomları hiss etdikdə həkimə və ya təcili tibbi yardıma müraciət etmək vacibdir.


04.05.2023