KTM-də daha bir uğurlu əməliyyat baş tutub
TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzdə xəstə üzərində aparılan diafraqma yırtığının bərpası əməliyyatı uğurla başa çatıb. 2 il əvvəl keçirdiyi avtoqəza nəticəsində travma almış xəstə nəfəs darlığı, sinə ağrısı və öskürək şikayəti ilə Kliniki Tibbi Mərkəzin Torakal Cərrahiyə şöbəsinə müraciət edib. Müraciət edən xəstədə sağ tərəfli, böyük həcmli diafraqma yırtığı olduğu aşkarlanıb. Torakal cərrahiyyə şöbəsinin müdiri Fəhmin Əmirov və Ümumi cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun iştirakı ilə xəstəyə sağ tərəfli torakotomiya (qabırğalararası sahədən yarmaqla) ilə diafraqma yırtığının bərpası əməliyyatı baş tutub. İki saat davam edən əməliyyat uğurla nəticələnib. Əməliyyatdan dörd gün sonra xəstədə heç bir ağırlaşma olmadığı üçün evə buraxılıb. Məlumat üçün bildirək ki, əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcud olduğu üçün ödənişsiz şəkildə həyata keçirilib.


15.05.2023