1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və UBM-in 35 illiyi münasibətilə tədbir keçirilib
TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və UBM-in 35 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov Mərkəzin fəaliyyətindəki yeniliklərdən danışıb. O, Uşaq Bərpa Mərkəzinin reabilitasiyaya ehtiyacı olan uşaqların bərpasında böyük rola malik olduğunu vurğulayıb. Həmçinin Mərkəzin müasir tələblərə uyğun avadanlıqlarla təmin olunmasının xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlərin daha bir bariz nümunəsi olduğu da diqqətə çatdırılıb. Könül Ələkbərov qeyd edib ki, KTM-in nəzdində fəaliyyət göstərən digər tibb müəssisələri kimi Uşaq Bərpa Mərkəzi də hər zaman diqqətdə saxlanılaraq vətəndaşlara yüksək keyfiyyətlə xidməti təmin edir. Daha sonra çıxış edən Uşaq Bərpa Mərkəzinin həkimləri Mərkəzdə reabilitasiyaya ehtiyacı olan uşaqlara göstərilən xidmət barədə məlumat verib. Qeyd edilib ki, təkcə Bakı şəhərindən deyil, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən də Mərkəzə müraciət edən vətəndaşların sayında artım müşahidə olunur. Reabilitasiyaya ehtiyacı olan uşaqların mütləq əksəriyyətində xeyli müsbət irəliləyişlər əldə edilir. Daha sonra Mərkəzin son illər yüksək peşəkarlığı ilə fərqlənən bir qrup əməkdaşı sertifikat və hədiyyələrlə təltif edilib. Tədbir Mərkəzdə müalicə alan uşaqların kiçik tamaşa və çıxışları ilə davam edib.


01.06.2023