Zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə KTM-ə gətirilən 2 yaşlı uşağın həyatı xilas edildi
2 yaşlı Əli Mahmudzadə sirkə turşusundan zəhərlənmə səbəbilə Xaçmaz rayonundan TƏBİB-in tabeli tibbi müəssisəsi olan Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstə ağız boşluğu, qida borusu, yuxarı tənəffüs yollarının, mədənin kimyəvi yanığı diaqnozu ilə Toksikologiya şöbəsinə qəbul olunub, daxil olarkən vəziyyəti hədsiz ağır olub. Dərhal xəstəyə ilkin tibbi yardımlar göstərilib, cərrahi əməliyyata ehtiyac yaranıb. Lakin şöbənin həkimləri Aynur Məmmədova, İnarə Ağabalayeva və tibb personalının səyi nəticəsində əməliyyatdan yayınmaq mümkün olub. Aparılan müalicələr nəticəsində xəstənin həyatı xilas edilib. Bir aylıq müalicələrdən sonra 2 yaşlı uşaq tam sağlamlığına qovuşub və evə buraxılıb.


07.08.2023