Uşaq Bərpa Mərkəzində maarifləndirici seminar keçirilib
TƏBİB-in tabeli tibb müəssisəsi olan Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində maarifləndirici seminar keçirilib. Seminar Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlıq Dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üçün milli fəaliyyət planı” çərçivəsində “Nevroloji xəstələrin və dayaq hərəkət sisteminin patologiyası olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında fizioterapiyanın rolu” mövzusunda təşkil edilib. Uşaq Bərpa Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Cəmilə Talıbova, mərkəzin fizioterapiya şöbəsinin müdiri Təranə Mahmudova və həkim-fizioterapevti Təranə Hüseynova tərəfindən keçirilən seminarda Mərkəzdə müalicə alan uşaqların valideynləri və tibbi heyət iştirak edib. Seminarın keçirilməsində əsas məqsəd nevroloji uşaqların reabilitasiyasının təşkili, mərhələləri və reabilitasiya üsulları barədə təlimat verilməsi, reabilitasiyada istifadə edilən fizioterapevtik üsullar, növləri, onların keçirilmə qaydaları və əks göstərişlərinin izahı olub. Sonda valideynlərin sualları cavablandırılıb, onlar həmçinin Mərkəz haqda xoş təəssüratlarını bildiriblər.


02.10.2023