Xəstəxana rəhbəri şəhid ailələri və qazilərlə görüşdü - FOTO

Kliniki Tibbi Mərkəzdə 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, şəhid ailələri, qazilər və Mərkəzin işçi heyəti iştirak edib.

Əvvəlcə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması, eləcə də işğal olunmuş torpaqlarımızın azad olunması uğurunda öz canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bundan sonra KTM-in direktoru Könül Ələkbərov tədbirdə çıxış edərək şəhid ailələri və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı göstərildiyini bildirib.

O qeyd edib ki, bu qələbəyə görə Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə, qazilərimizə hər zaman borcluyuq. Könül Ələkbərov əlavə edib ki, Vətən Müharibəsində əbədiyyətə qovuşmuş şəhidlərimizin valideynlərinin övlad həsrətini onların yanında olmağımızla yox edə bilməsək də, bu ağır itki hamımızı ağrıdır. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

KTM-in direktoru həmçinin hazırda müəssisədə 8 qazinin müalicəsinin davam etdiyini, eyni zamanda bir neçə Vətən Müharibəsi iştirakçısının da Mərkəzdə işlə təmin olunduğunu və mümkün olduqca, onlara öz dəstəyini heç bir zaman əsirgəməyəciyini qeyd edib. 

Daha sonra Mərkəzin həmkarlar təşkilatının sədri Almaz Hacıyeva çıxış edib. O, Zəfər Günü ilə bağlı 32 şəhid ailəsinə eləcə də, qazilərə maddi yardım təqdim edildiyini bildirib.

 

 

 



07.11.2023