Ağır vəziyyətdə KTM-in tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən 13 yaşlı uşağın həyatı xilas edilib

13 yaşlı xəstə dəqiqləşməyən Ensefalomielit (ADEM) diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Uşaq İntensiv Terapiya şöbəsinə yerləşdirilib.

Xəstəxanaya gətirilərkən xəstənin vəziyyəti ağır qiymətləndirilib. Xəstəyə meninqoensefalit, septiki şok, sol tərəfli pnevmoniya diaqnozları qoyulub.

Kliniki Tibbi Mərkəzin və 2 saylı Klinik Uşaq Xəstəxanasının anestezioloq-reanimaloqları Cavid Səfərli və Pərvanə Əliyevanın, eləcə Uşaq İntensiv Terapiya şöbəsinin tibb personalı və Mərkəzin digər həkimlərinin ciddi nəzarəti altında xəstənin müayinə və müalicələri aparılıb. Dərhal xəstəyə İVİQ, plazmaferez, puls-terapiya, antibiotikoterapiya müalicələri davam etdirilib.

Xəstə 2 gün sonra süni tənəffüs aparatına qoşulub və iki həftə sonra KTM-in uzman uşaq cərrahı Fuad Məmmədov xəstə üzərində uğurlu traxeostoma əməliyyatı icra edib.

Hazırda fizioterapiya prosedurları icra edilir. Uğurlu prosedurlar nəticəsində yuxarı ətraflarda hərəkət tam bərpa olunub. Xəstənin KTM-in tabeliyindəki Uşaq Bərpa Mərkəzinə köçürülməsi nəzərdə tutulub.



28.12.2023