KTM-ə müraciət edən 65 yaşlı xəstə uğurlu əməliyyat nəticəsində sağlamlığına qovuşub

Daha əvvəl konservativ müalicə alan 65 yaşlı vətəndaş Zakir Allahverdiyev sidik ifrazının çətinləşməsi, gecələr həddən artıq sidiyə qalxma şikayətləri ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə müraciət edib.

Aparılan müayinələrdən sonra xəstəyə prostat vəzinin hiperplaziyası diaqnozu qoyulub. Ultrasəs vasitəsilə aparılan müayinədə prostat vəzinin böyüdüyü və həcminin təqribən 260 sm3 olduğu təyin edilib.

Mərkəzin Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənov, həkim-uroloq Mirhikmət Qiyasov və həkim-rezident Rəşid Novruzovun iştirakı ilə xəstəyə icbari tibbi sığorta hesabına millin prostatektomiya əməliyyatı icra edilib. 2 saata yaxın davam edən əməliyyat uğurlu baş tutub, əməliyyatdan sonra hər hansı ağırlaşma müşahidə edilməyib.

Xəstə səhhətindəki problemlər səbəbindən əvvəllər çox narahat olduğunu, əməliyyatdan sonra isə özünü yaxşı hiss etdiyini bildirir. Xəstənin əməliyyatın 5-ci günündə evə buraxılması nəzərdə tutulur.



25.01.2024