Ölüm ayağında Kliniki Tibbi Mərkəzə daxil olan azyaşlı həyata qaytarıldı

13 yaşlı xəstə 11.01.2024-ci il tarixində çox ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Azyaşlıda sol qolun şişkinliyi, bədən temperaturunun yüksəlməsi, kəskin ağrı, ümumi halsızlıq, iştahasızlıq şikayətləri mövcud olub.

Aparılan müayinələrə əsasən xəstəyə sol bazu sümüyünün kəskin hemotegen osteomieliti (septiopiemik forma) və sol yuxarı ətrafın fleqmonası (irinliyi) diaqnozu qoyulub.

Daha sonra həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə xəstəyə irinliyin (fleqmonanın) açılması, sol bazu sümüyün osteoperforasiyası, irinliyin sanasiyası və drenajı əməliyyatı icra edilib.

Əməliyyatdan sonra xəstəyə intensiv müalicələr, dezintaksion tədbirlər davam etdirilib. Görülən tədbirlər nəticəsində xəstənin ümumi vəziyyətində stabilləşmə və müsbət dinamika müşahidə olunub. Xəstənin stasionar müalicələri davam etdirilir, vəziyyəti tam normallaşdıqdan sonra isə ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur.



26.01.2024