Kliniki Tibbi Mərkəzdə riskli əməliyyat uğurla icra edilib

1976-cı il təvəllüdlü vətəndaş 25.02.2024-cü il tarixində digər və dəqiqləşdirilməmiş bağırsaq keçməzliyi, kron xəstəliyi, kolostomiya daşıyıcısı diaqnozları ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə daxil olub.

Xəstədə 8 il öncə əməliyyat icra edilib, iki dəfə cərrahi müdaxilə olunub və xəstəyə yoğun bağırsağın stoması qoyulub. Kron xəstəliyi səbəbindən 8 il müddətdə xəstəyə stomanın ləğv olunması əməliyyatının icrası mümkün olmayıb. Bu səbəbdən digər Mərkəzlərdə əməliyyatı mümkün olmayan xəstə Kliniki Tibbi Mərkəzə müraciət edib.

Xəstə müraciət edərkən müayinələr zamanı həmin stomanın kənarında, nazik bağırsaqlarında yırtığın əmələ gəlməsi də müşahidə edilib.

Xəstəyə əməliyyatın icra olunması təyin edilib. KTM-in həkim-ümumi cərrahı Vüsal Qəzənfəroğlunun iştirakı ilə keçirilən əməliyyatla qeyd edilən yırtıq qapadılaraq ləğv edilib. Bundan əlavə yoğun bağırsağın stoması da ləğv edilib, ağır əməliyyat uğurla başa çatdırılıb.

Əməliyyatdan sonra xəstədə hər hansı ağırlaşma və ya narahatlıq müşahidə edilməyib, vəziyyəti stabil olub. Xəstə normal şəkildə defekasiya olub.

İrəliləyən günlərdə də xəstə özünü daha yaxşı hiss edib və yaxşılaşma ilə evə buraxılıb.



04.03.2024