Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi KTM-də ekoloji maarifləndirici tədbir təşkil edib

Tədbir Azərbaycan Respublikası NK-nin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təstiq edilmiş tibbi tullantıların idarə olunmasına dair “Tibb müəssisələrində əmələ gələn müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizminin həyata keçirilməsi” mövzusunda baş tutub.

Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi, Mətbuatla İş və Ekoloji Maarifləndirmə Sektorunun sektor müdiri Rafiq Ədilov və aparıcı məsləhətçisi Aynur Əbdüləzimova tərəfindən keçirilən tədbirdə qeyd edilib ki, bu tələblər mülkiyyət formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələrindən formalaşan müxtəlif növ tullantıların toplanması, saxlanılması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini müəyyənləşdirir.

Rafiq Ədilov həmçinin vurğulayıb ki, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına vura biləcək zərərli təsirinin qarşısının alınması məsələləri rəhbərlik tərəfindən hər zaman diqqətdə saxlanılır, tapşırıqlar verilir və bununla bağlı mütəmadi olaraq monitorinqlər təşkil edilir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.



16.04.2024