KTM-də 72 yaşlı xəstə yeni üsulla uğurlu əməliyyat olunub

72 yaşlı xəstə uşaqlıq yolunun tam düşməsi səbəbilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Məlum olub ki, xəstədə illər ərzində tədricən uşaqlığın düşməsi əmələ gəlib və 2021-ci ildə uşaqlığın düşməsini ləğv etmək üçün uşaqlığın ekstripasiyası əməliyyatı icra edilib.

Lakin 1 il ərzində xəstədə “Post-hysterectomy prolapse” özünü büruzə verib. Xəstədə uşaqlıq yolunun tam düşməsi və yanaşı gedən digər patologiyalar əmələ gəlib. Xəstə KTM-də müayinələrdən keçirildikdən sonra əməliyyata alınıb.

Kliniki Tibbi Mərkəzin həkim-ümumi cərrahı Rauf Mirzəyev tərəfindən xəstə üzərində intubasion narkoz altında “Çanaq dibinin tor istifadə etməklə “Loskut” modifikasiyalı, üç (3) səviyyəli hibrid rekonstruksiyası, ön və arxa kolporafiyalar, vətər mərkəzinin bərpası” əməliyyatı icra olunub. Əməliyyat uğurla başa çatıb.

Cərrah Rauf Mirzəyev bildirir ki, bu əməliyyatda tor oma-tin bağından keçməklə apekal fiksasiya edilir, eyni zamanda kolporafiyalar aparılır, birlikdə olduğu üçün əməliyyat hibrid adlandırılır. “Loskut” isə yeni modifikasiyadır, bu yeni üsul digər üsullarla müqayisədə daha üstündür.

Xəstələr tez bərpa olur, əməliyyatdan 12 saat sonra ayağa qalxır, hərəkətlərində heç bir məhdudiyyət olmur. Əməliyyatdan sonra ağrılar minimal olur və xəstə əməliyyatdan bir gün sonra evə buraxılır. Nəticəni izləmək məqsədilə 3 həftə sonra təkrar müayinə həyata keçirilir.



31.05.2024