Kliniki Tibbi Mərkəzdə 27 Sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib

Kliniki Tibbi Mərkəzdə 27 Sentyabr - Vətən Müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov Vətən Müharibəsi dövründə xalqımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin xalqımız üçün əhəmiyyətini vurğulayıb. Könül Ələkbərov, həmçinin Mərkəzin şəhid ailələri və qazilərə göstərdiyi tibbi və psixoloji yardımdan söz açaraq hər zaman onların yanında olduqlarını bildirib.

Daha sonra Anım Günü münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı, Vətən Müharibəsi qaziləri də iştirak ediblər. Onlar çıxış edərək döyüş meydanında yaşadıqları çətinliklər və qazandıqları təcrübələrdən söz açıblar. Həmçinin müharibədən sonra onlara göstərilən qayğı və dəstəyi yüksək qiymətləndiriblər.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir daha ehtiramla yad edib, ölkəmizin gələcəyi uğrunda onların göstərdikləri qəhrəmanlıqların heç zaman unudulmayacağını vurğulayıblar. Anım tədbiri şəhidlərimizin ruhuna dərin hörmət və minnətdarlıqla başa çatıb.



27.09.2024