Kəskin ağrı ilə ağır vəziyyətdə KTM-ə gətirilən xəstə üzərində uğurlu əməliyyat icra olundu

23.09.2024-cü il tarixində gecə saatlarında 65 yaşlı vətəndaş qarın nahiyəsində kəskin ağrılar, ürəkbulanma, qusma şikayətləri ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Xəstə obyektiv, instrumental, laborator müayinələrdən keçirildikdən sonra S-vari bağırsağın burulması, bağırsaq keçməzliyi diaqnozu qoyulub və təcili cərrahi əməliyyata göstəriş olub.

KTM-in ümumi cərrahı Nazim Həsənov və asistent həkim Ağanur Cavadovun iştirakı ilə xəstə üzərində siqmoit bağırsağın rezeksiyası, xətti steplerin köməyi ilə yan-yana, kolo-kolo anastomoz əməliyyatı icra olunub. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçib.

Hazırda xəstənin vəziyyəti kafidir, kontrol müayinələrdən sonra evə buraxılması planlaşdırılır.



02.10.2024