KTM-in direktoru "Təcili tibb" kitabı ilə bağlı sualları cavablandırıb

Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov müəllifi olduğu, Azərbaycan səhiyyəsi tarixində ilk dəfə çap edilən və ötən gün təqdimatı olan “Təcili tibb” kitabı ilə bağlı sualları cavablandırıb.

- Könül müəllim, “Təcili tibb” kitabının yazılması hansı zərurətdən irəli gəldi?

- Təcili tibb kitabının yazılmasında əsas məqsəd təcili tibbi yardım sahəsində çalışan mütəxəssislərin biliklərini artırmaq və onları müasir tibbi standartlar əsasında yönləndirməkdir. Xüsusilə kritik və fövqəladə hallar zamanı həkim və tibb işçilərinin operativ qərarlar verməsi və doğru diaqnoz qoyması həyati əhəmiyyət daşıyır. Belə kitablar tibbi təcrübədə olan boşluqları doldurmaq, yeni texnologiyalar və müalicə üsulları ilə bağlı məlumatları yaymaq, həmçinin standartlaşdırılmış protokolları təqdim etmək üçün vacibdir.

Kitab bir cilddir, təcili yardım təbabətini bütövlüklə əhatə edir. Analoji olaraq xarici ədəbiyyatlarda göstərilmiş başlıqlar, nazalogiyalar bizim kitabda da tam əksini tapıb, yəni kitab bütövdür və 50 bölmədən ibarətdir. Bölmələrin hər birində təcili yardım təbabətinə uyğun müraciət edən xəstələrin bütün nazalogiyaları öz əksini tapıb. Təcili tibb kitabının təhsilin təkmilləşdirilməsində də böyük rol oynayacağını düşünürük.

- Bu kitabda, əsasən, hansı mövzular öz əksini tapıb?

- Kitabda xəstəxanayaqədər (təcili yardım stansiyaları), xəstəxana şəraitində (təcili yardım şöbələri) fəaliyyət göstərən tibb müəssisələrində uşaqlara, böyüklərə təcili təxirəsalınmaz tibbi yardımın göstərilməsinin müasir yanaşma və diaqnostikası geniş şəkildə göstərilib. Kritik vəziyyətlərin kəskin dövründə neonatalogiyanın, pediatriyanın aktual məsələləri şərh edilib, uşaqların (xüsusilə yenidoğulmuşların) bu vəziyyətlərdə idarə edilməsi qaydalarının ardıcıllığı qeyd edilib. Təqdim edilən materiallarda diaqnostikaya zaman ayrılması mümkün olmayan şəraitdə anamnezə və ilkin qiymətləndirmənin nəticəsinə görə təcili təxirəsalınmaz tibbi yardımın göstərilməsi haqqında alqoritmlər yer alıb.

Kitabda hər bir kritik vəziyyət üçün differensial diaqnostika, minimal laborator və instrumental müayinə ardıcıllığı, funksional diaqnostikaya aid şəkillər və cədvəllər geniş izahla şərh edilib.

Həmçinin kitabda həyat üçün təhlükəli halların (böyüklərdə və uşaqlarda) simptom və əlamətləri, ÜAR və tənəffüs yollarının yad cismlə obstruksiyası, tənəffüs yolları ilə əlaqədar respirator pozğunluqlar, qan dövranının qiymətləndirilməsi və ilkin tibbi yardım, döş qəfəsində ağrı, miokard işemiyası və kəskin koronar sindrom və s. mövzular yer alıb, praktiki vərdişlər və bacarıqlar ətraflı təsvir edilib, protokollara uyğun diaqnostika və müalicə metodları göstərilib.

- Bildiyimiz qədəri ilə bu kitabın tibb üzrə ali təhsil müəssisələrində tədris olunması nəzərdə tutulur. Bəs həkimlər bu kitabı haradan əldə edə bilərlər?

- Kitab Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Şurasının yekdil qərarı ilə dərslik qrifi ilə nəşriyyata təqdim edilib və artıq Təcili tibb kafedrası kitabdan dərslik kimi istifadə edir. Hazırda nəşr olunmuş kitabın nüsxələri kitab mağazalarında və Azərbaycan Tibb Universitetinin korpuslarında olan kitab köşklərində satılır.

- Maraqlıdır, kitabı sadə vətəndaşlar da oxumalıdır, yoxsa təkcə həkimlər üçün nəzərdə tutulub?

- Əsasən, kitabın təyinatı ilk olaraq ATU-nun tələbələridir. Çünki ondan tədris vəsaiti kimi istifadə edəcəklər. Paralel olaraq TƏBİB tabeli, həmçinin respublikanın bütün xəstəxanalarında olan Təcili yardım şöbəsinin həkimləri, anestezioloq-reanimatoloqları, eləcə də dar ixtisas sahibləri – kardioloqlar, pulmonoloqlar, terapevtlər, nefroloqlar, travmatoloqların istifadəsi üçün nəzərdə tutulub.

Kitabda ilkin tibbi yardımın xəstəxanayaqədərki alqoritmləri də göstərilib və həkim olmayan oxucular da müəyyən hallarda zəhərlənmələrdə, kiçik travmalarda ilkin tibbi yardım göstərmək üçün bu kitabdan bəhrələnə bilər.



09.10.2024