KTM-də "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzusunda növbəti təlim təşkil olunub

TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzdə Əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzusunda növbəti təlim təşkil olunub. Təlimdə müxtəlif tibb müəssisələrindən 30-a yaxın əməkdaş iştirak edib.

Seminar TƏBİB-in Təlim və tədqiqatlar departamentinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki “Əməyin Mühafizəsi Mərkəzi”nin birgə təşkilatçılığı ilə keçirilib.

Təlimin əsas məqsədi iştirakçılara əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı hüquqi bilikləri və ümumi anlayışları çatdırmaqdan ibarət olub.

Təlimdə Əməyin mühafizəsi Mərkəzinin əməkdaşları Nigar Hüseynova əməyin mühafizəsinin hüquqi aspektləri, Səbuhi Tahirov isə texniki təhlükəsizlik və ilkin yardımla bağlı ümumi anlayışlar haqqında təqdimatla çıxış ediblər. Onlar iştirakçılara bu sahədə vəzifə öhdəlikləri, təhlükəsiz iş mühitinin yaradılması yolları və təhlükə anında davranış qaydaları haqqında maarifləndirici məlumatlar veriblər.

İnteraktiv şəkildə keçirilən seminarda dinləyicilərin sualları cavablandırılıb və yekunda iştirakçıların hər birinə “Əməyin Mühafizəsi Mərkəzi” tərəfindən sertifikat təqdim edilib.



09.10.2024