KTM-də riskli əməliyyat uğurla icra olunub

23.09.2024-cü il tarixində 70 yaşlı vətəndaş kolostoma daşıyıcısı, qarının ön divarının nazik bağırsaqla əlaqəli dodaqvari fistulası, bitişmə xəstəliyi, qarının ön divarının nəhəng ventral yırtığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzə qəbul edilib. Xəstənin bir müddət əvvəl yayılmış peritonit diaqnozu ilə digər müəssisədə əməliyyat olunduğu, stoma qoyulduğu bildirilib.

Zəruri müayinələrdən keçirildikdən sonra xəstəyə yenidən cərrahi əməliyyat təyin edilib.

Kliniki Tibbi Mərkəzin həkim-ümumi cərrahı Rauf Mirzəyev və assistent həkim Kəmalə Mirzəyevanın iştirakı ilə xəstə üzərində əməliyyat icra olunub. Əməliyyat zamanı fistulanın nazik bağırsağın yuxarı hissəsi ilə əlaqədar olduğu aşkar olunub, fistula ləğv edilib.

Əməliyyat zamanı xəstədə divertikulun perforasiyası baş verməsi məlum olub. Həmin nahiyədə böyük konqlomerat əmələ gəlib və həmin konqlomerat S-vari bağırsağın aşağı 1/3-ni əhatə etməklə çanaq diafraqmasının altına uzanıb.

Xəstə üzərində düz bağırsağın ön rezeksiyası icra olunub və kolostoma ləğv edilib, anastomoz qoyulub. Qarının ön divarında böyük yırtıq olduğuna görə qreft istifadə edilməklə yırtıq ləğv edilib. Əməliyyat uğurla başa çatıb.

Əməliyyatdan sonra xəstədə heç bir ağırlaşma olmayıb. Xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.



11.10.2024