4-cü mərtəbədən yıxılan azyaşlının həyatı KTM-də xilas edilib

Binanın 4-cü mərtəbəsindən yıxılan və ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan azyaşlının həyatı xilas edilib.

28.09.2024-cü il tarixində 4-cü mərtəbədən yıxılan anadangəlmə serebral iflici olan 14 yaşlı vətəndaş təcili və təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən ağır müştərək travma, kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, ağciyərlərin əzilməsi, dalağın partlaması, çanaq sümüklərinin çoxsaylı yerdəyişən sınıqları, lll dərəcəli travmatik şok diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Xəstəyə dərhal zəruri ilkin tibbi yardım göstərilib, müayinələrdən keçirilib və təcili əməliyyata alınıb.

KTM-in Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, uşaq cərrahları Murad Əlibəyov və Aynur Hacıyeva tərəfindən xəstə üzərində splenektomiya (dalağın cərrahi yolla çıxarılması), sağ döş qəfəsinin Bilau üsulu ilə drenajı icra edilib, xəstə Reanimasiyaya yerləşdirilib.

12 gün Reanimasiya şöbəsində müalicə alan xəstənin vəziyyəti stabilləşib və Uşaq Cərrahiyyəsi şöbəsinə köçürülüb.

Hazırda azyaşlının vəziyyəti stabildir, stasionar müalicələri davam etdirilir.



21.10.2024