
20.02.2026-cı il tarixində 27 yaşlı pasiyent ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Qəbul zamanı pasiyentin bədəni dərinin bütün səthini əhatə edən yayılmış səpkilərlə örtülü olub. Ümumi vəziyyəti ağır qiymətləndirilib.
Anamnezdən məlum olub ki, pasiyent 10 gün öncə skarlatina xəstəliyi (boğaz ağrısı, yüksək hərarət və bədəndə parlaq qırmızı səpkilərlə xarakterizə olunan kəskin infeksion xəstəlikdir) keçirib və bu səbəbdən antibiotik terapiyası qəbul edib.
Aparılmış laborator və instrumental müayinələr nəticəsində pasiyentə dəqiqləşdirilməmiş toksikodermiya diaqnozu təyin edilib. Dərhal intensiv terapiyaya başlanılıb.
Müalicə həkimi Natella Qurbanova tərəfindən aparılan uzunmüddətli və kompleks müalicə tədbirləri nəticəsində, təxminən 2 ay ərzində pasiyentin ümumi vəziyyətində nəzərəçarpacaq müsbət dinamika əldə olunub. Dəri səpkiləri tədricən geriləyib və həyati göstəricilər stabilləşib.
Hazırda pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir, stasionar şəraitdə müalicəsi davam etdirilir. Yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
09.04.2026