Kliniki Tibbi Mərkəzdə “Əl gigiyenası günü”nə həsr edilən maarifləndirici tədbir keçirilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzdə (KTM) “Əl gigiyenası günü”nə həsr edilən maarifləndirici tədbir keçirilib. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Doç. Dr. Can Hüseyin Hekimoğlu, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, qurumun İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Mərkəzin tibbi heyəti iştirak edib. TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva 5 may - “Dünya Əl Gigiyenası Günü”nün yaranma tarixi və bu günün əsas mahiyyəti haqqında məlumat verib. O, çirkli əllərdə olan virus və bakteriyaların bir çox xəstəliklərin - respirator xəstəlikləri, virus hepatitləri, bağırsaq infeksiyaları, COVID-19 və s. yayılmasını sürətləndirdiyini bildirib. Bu səbəbdən də indiki dövrdə bütün tibb müəssisələrində tibb işçilərini olduqca diqqətli olmağa çağırıb. COVID-19 pandemiyası dönəmində və ondan sonrakı mərhələdə dezinfeksiya məsələlərinə diqqət ayırmağın hələ də həyati əhəmiyyətli olduğunu vurğulayan Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov bildirib ki, hazırda Mərkəzin bütün tibbi bölmələrində tibb işçilərinin dezinfeksiya və sanitariya-gigiyena qaydalarına əməl edilməsi istiqamətində ciddi işlər görülüb və bununla paralel Mərkəzdə “Mikrobioloji Laboratoriya”nın hazırlanmasına başlanılıb. O, bütün hallarda tibb sahəsində təmizlik mövzusunun ən həssas məsələlərdən biri olduğunu vurğulayıb. TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva isə ölkəmizdə infeksion nəzarət sisteminin təşkilindən bəhs edib. O, bu sahədə atılan addımlar və növbəti mərhələlərdə görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Əl gigiyenasının infeksion xəstəliklərlə mübarizədə nə qədər vacib olduğunu nəzərə çatdırıb.ÜST-nın Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Doç. Dr. Can Hüseyin Hekimoğlu tədbirdə təqdimatla çıxış edib. H.Hekimoğlu təqdimatda tibb personalının əllərin gigiyenası ilə bağlı vətəndaşları necə məlumatlandıra biləcəklərini və bu prosesdən hansı təbliğat üsullarından istifadə edəcəkləri ilə bağlı nümunələr nümayiş etdirib. O, həmçinin təqdimatda Türkiyə və dünya ölkələrinin xəstəxanalarında bu prosesin təşkilindən də nümunələr göstərib. Tədbirin sonunda TƏBİB-in 5 may “Əl gigiyenası günü” üçün hazırladığı videoçarx nümayiş etdirilib.


05.05.2022