“MÖCÜZƏ ADAM” – O, həm də icbari tibbi sığorta sayəsində həyatdadır...
1960-cı il təvəllüdlü Əqil Qasımov bir müddət əvvəl bağırsaq keçilməzliyi, boğulmuş qasıq yırtığı, şəkərli diabet və ürək çatışmazlığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdir. Bir çox yan xəstəliklər səbəbindən yaşmaq şansının az olmasına baxmayaraq, Kliniki Tibbi Mərkəzin həkimlərin onun həyatını xilas edə biliblər. “Bu xəstəliklərin mənə verdiyi ağrılardan qurtulub, normal yaşamaq üçün əməliyyat olmaq istəyirdim. Ürək fraksiyası 20 faizə düşdüyü üçün heç bir xəstəxana əməliyyata risk etmək istəmirdi. Bir neçə özəl klinikaya müraciət etməyimə baxmayaraq məni qəbul etmədilər” deyən Əqil Qasımovun sözlərinə görə, yalnız burada, Kliniki Tibbi Mərkəzdə həkimlər onda inam yaradıblar: “ Müraciət etdiyim hər bir xəstəxanada həkimlər “çox yaşın yoxdur, özünü riskə atma” kimi sözlər deyirdi. Kliniki Tibbi Mərkəzdə də həkimlər çox riskli əməliyyat olduğunu dedilər. 20 faiz ürək fraksiyası ilə əməliyyat olunan xəstələrin əksər hissəsi əməliyyat masasında dünyasını dəyişə bilərmiş. Bunu bilə- bilə fikrimdən dönmədim. Öz istəyimlə əməliyyat olundum. Daha doğrusu cərrah Vüsal həkim, Cərrahi reanimasiya şöbəsinin müdiri Ülviyyə həkim və digər həkimlərə o qədər inandım ki, öz həyatımı onların ixtiyarına verdim. Amma bütün hallarda hər kəslə, yaxınlarımın hər biri ilə sağollaşdım... Əməliyyatım uğurlu keçdi, hətta deyərdim ki, sağ qalmağım möcüzə oldu. Çünki müraciət etdiyim digər xəstəxanalarda elə sözlər deyilmişdi ki, həyatda olmağıma inana bilmirdim. Kliniki Tibbi Mərkəzdəki həkimlərin sayəsində bir daha həyata göz açdım. Digər bir məsələ əməliyyat xərcləri idi ki, ona da imkanım yox idi. Amma bütün əməliyyat, xəstəxana xərclərimi icbari tibbi sığorta qarşıladı. Yaxşı ki, belə xəstəxanalarımız, həkimlərimiz var. Bu xidməti yaradan hər kəsə öz minnətdarlığımı bildirirəm”. Kliniki Tibbi Mərkəzin həkimi, ümumi cərrah Vüsal Qəzənfəroğlunun sözlərinə görə, əvvəllər də bir neçə cərrahi əməliyyat keçirmiş pasientdə ürək və digər yan xəstəliklərinə görə, əməliyyat olduqca riskli olub, amma... “Xəstənin əməliyyatından öncə məlum oldu ki, o qasıq yırtığı əməliyyatını əvvəl 2 dəfə keçirib. Ürək artım fraksiyası normal ürək fraksiyasının iki dəfə altında 23 faiz idi. Kardioloqlar və digər həkimlər xəstəyə baxış keçirdikdən sonra qərar verdilər ki, xəstə yüksək risk dərəcəsinə aiddir. Böyük ölçülü qasıq yırtığı və bağırsaq keçilməzliyinin olması anesteziya olmadan əməliyyatı icra etməyin riskini daha da artırırdı. Deyə bilərəm ki, yüksək risk dərəcəsinə aid xəstələrin əməliyyatdan sağlam çıxması çox az hallarda baş verir. Buna baxmayaraq, biz xəstəni əməliyyata götürdük və inanılmaz nəticə oldu. Hazırda xəstənin vəziyyəti çox yaxşıdır. Heç bir həyati təhlükəsi yoxdur. Bunun özü bir möcüzədir”.


06.05.2022