Təxminən bir həftəyə yaxın koma vəziyyətində olan 3 aylıq körpənin həyatı xilas olunub.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzin nəzdində olan 2 saylı
Uşaq Klinik Xəstəxanasının həkimləri olduqca ağır vəziyyətdə gətirilən 18.02.2022-ci il təvəllüdlü
körpədə ikitərəfli bronxopnevmoniya, ikitərəfli atalektaz, sağ tərəfə ağciyərin dislokasiyası diaqnozunu
qoyublar. Eyni zamanda qıcolma sindromundan əziyyət çəkən körpə xəstəxananın Reanimasiya şöbəsinə
yerləşdirilib və ciddi nəzarətə alınıb.
Həyat əlamətləri yetərincə aşağı olan körpə may ayının 9-da süni tənəffüs aparatına bağlanıb və 6-7 gün
boyunca zondla qidalandırılıb.
Ümidlərini itirməyən həkimlərin davamlı və düzgün müalicəsi nəticəsində ötən gün körpə həyata
qaytarılıb.
Hazırda körpənin vəziyyəti tam stabildir və reanimasiyadan çıxarılaraq müalicəsinin davam etdirilməsi
üçün xəstəxananın Patologiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, körpənin bütün müayinə və müalicə xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.