Tibb İşçilərinin Peşə Bayramı Günündə Kliniki Tibbi Mərkəzin rəsmi internet saytının təqdimatı olub
Kliniki Tibbi Mərkəzin təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə Mərkəzin rəsmi internet səhifəsi olan “KTMhospital.az” saytının təqdimatı baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinin sükutla yad edilməsi ilə başlayan tədbirdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji Təhlil departamentinin rəhbəri Araz Nəsirov, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev, Kliniki Tibbi Mərkəzin rəhbər heyəti və tibb işçiləri iştirak ediblər. Tədbirdə açılış çıxışını edən Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov əhalinin sağlamlığının qorunması, hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsi kimi çətin vəzifələrin həkimlərin üzərində olduğunu deyib. İcbari tibbi sığortanın tətbiqindən sonra tibbi sahədə baş verən yeniliklər haqda məlumat verən K. Ələkbərov bildirib ki, bu gün ölkəmizdə tibbi xidmətlər yetərincə keyfiyyətli və əhali üçün daha əlçatandır. Son bir ildə Kliniki Tibbi Mərkəzdə baş verən yeniliklər, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün atılmış addımlardan danışan Mərkəzin direktoru görülmüş işlərdə həkimlərin əhəmiyyətini xüsusi vurğulayıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov da Tibb İşçilərini Peşə Bayramı münasibəti ilə təbrik edib. İcbari tibbi sığortanın tətbiqindən sonra TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində görülən işlər və yeniliklər barədə məlumat verən V.Qurbanov bildirib ki, bütün bunlar həm də məhz həkimlərin əməyi nəticəsində mümkün olur: “Tibb sahəsində əldə olunan uğurlarda sizin əməyiniz danılmazdır. Bir daha Peşə Bayramı münasibəti ilə sizin timsalınızda bütün tibb işçilərini təbrik edir və fəaliyyətlərində uğurlar arzulayıram!” Daha sonra Kliniki Tibbi Mərkəzin rəsmi internet səhifəsi olan “KTMhospital.az” saytının təqdimatı keçirilib. Saytda istifadəçilər üçün yaradılan funksiyalar barədə məlumatlar verilib və qeyd olunub ki, Mərkəzdə olan yeniliklər, analizlərin elektron nəticələri, elektron randevu, şöbələr, həkimlər, tibbi rubrikalar, tibbi cəmiyyətlər, əlaqə vasitələri barədə ətraflı məlumatlar saytda yer alıb. Tədbirin sonunda əmək fəaliyyətində fəqlənən bir sıra tibb işçilərinə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.


17.06.2022